ELM VƏ TƏHSİL
Respublika Elmi-Texniki Kitabxanasında konfrans: Əbədi həmrəylik
Bakı, 29 dekabr, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Əbədi həmrəylik” mövzusunda konfrans keçirilib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində kitabxananın “Heydər Əliyev guşəsi”nin açılışı olub. Konfransda çıxış edən Respublika Elmi-Texniki Kitabxanasının direktorunun vəzifəsini icra edən, innovasiya və inkişaf üzrə direktorun birinci müavini Səbinə Sultanova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb. O, bu günün əsasını qoyan Ulu Öndər Heydər Əliyevin milli birliyimizin formalaşmasında böyük xidmətlərini xüsusi vurğulayaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən xaricdə yaşayan azərbaycanlılarının həmrəyliyi sahəsində uğurlu siyasət aparıldığını bildirib.
Tədbirdə kitabxana əməkdaşlarının “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, “Həmrəylik Ulu Öndərin xalqına töhfəsidir”, “Azad Şuşamız”, “İlham Əliyev və Zəfər Qurultayı” mövzularında məruzələri dinlənilib.
Konfransda Ümummilli Lider Heydər Əliyevə həsr olunan sərgi və “Əbədi həmrəylik” mövzusunda videoçarx nümayiş edilib.