SİYASƏT
Respublika Günü münasibətilə Qətərdəki Azərbaycan icması ilə virtual görüş keçirilib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov 28 May – Respublika Günü münasibətilə Qətərdə yaşayan soydaşlarımız ilə virtual görüş keçirib.
Azərbaycan Respublikasının Qətər dövlətindəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfir R.İsmayılov Respublika Günü münasibətilə videokonfransda iştirak edən həmvətənlərimizi salamlayaraq, onları səmimi qəlbdən təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi, fəaliyyəti və nailiyyətlərindən danışıb. Şərqdə ilk demokratik quruluşlu respublika olan gənc AXC-nin dövlət quruculuğu, ordu təşkili, təhsil, beynəlxalq münasibətlər və s. istiqamətlərdə uğurlarını qeyd edən səfir, təəssüflə cümhuriyyətin ömrünün az olduğunu bildirib.
Səfir vurğulayıb ki, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, cümhuriyyət dövründə yaradılmış milli bayrağımız yenidən qaldırılıb. O, ümummilli lider Heydər Əliyevin cümhuriyyət ideyalarına yüksək ehtiramını vurğulayaraq, Ulu Öndərin AXC-nin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlar imzaladığını qeyd edib. Prezident İlham Əliyevin də bu siyasəti ardıcıllıqla davam etdirdiyini deyən səfir, dövlət başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanmasını, 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasını vurğulayıb.
Daha sonra Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri Respublika Günü münasibətilə öz ürək sözlərini və təbriklərini çatdırıblar. Cümhuriyyətin Azərbaycan xalqının dövlətçilik tarixində tutduğu önəmi qeyd edən soydaşlarımız, Azərbaycan Xalq Cümhuriyyəti ideallarının və məramlarının yaşadığını bildiriblər.
Görüşün sonunda səfir Rəşad İsmayılov həmvətənlərimizi maraqlandıran sualları cavablandırıb.