Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Qazaxıstanda keçirilən konfransda təqdimatla çıxış edib
Bakı, 3 aprel, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində “Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” beynəlxalq layihəsi çərçivəsində “Seysmik məlumatların kalibrovkası” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Ukrayna, ABŞ və digər tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanı mərkəzin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib.
Konfransda əsas müzakirələr zəlzələlərin koordinatlarını dəqiq müəyyən etmək üçün sürət modelinin qurulması ilə bağlı olub. Bildirilib ki, hiposentrlər haqqında dəqiq məlumatların hesablanması, seysmik təhlükənin qiymətləndirilməsi, tektonik qırılmaların yerinin aydınlaşdırılması, Yer qabığının dəqiq geoloji modelinin əldə olunması və s. məqsədilə yeni dəqiq sürət modeli qurulmalıdır. Həmin məqsədlə bir sıra nüvə və sənaye partlayışlarının aparılması, eləcə də həmin partlayışların seysmik stansiyalarda qeydiyyata alınması təklif olunub. Konfransda iştirakçı ölkələrin nümayəndələri çıxış edərək, hazırda istifadə edilən sürət modelləri haqqında danışıblar.
Səbinə Kazımova “Azərbaycanda seysmik kalibr təcrübələri - keçmiş, indi və gələcək” mövzusunda təqdimatla çıxış edib.
Konfransın sonunda görüşün yekunlarına dair protokol tərtib edilib.