Respublikanın avtomobil yollarında 1909 nəfər inzibati məsuliyyətə cəlb edilib VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 10-u saat 00:00-dan aprelin 11-i saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 10-u saat 00:00-dan aprelin 11-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.