RƏSSAM MÜSLÜM ELDAROVUN YUBİLEY SƏRGİSİ
“Yeni qalereya”nın direktoru Rafael Gülməmmədov sərginin açılışında çıxışında demişdir ki, nümayiş etdirilən 15 tablo və 10 heykəl rəssamın yaratdığı əsərlərin yalnız kiçik bir hissəsidir. Zəngin intellektə, böyük yaradıcılıq potensialına malik və genişqəlbli insan olan Müslüm Eldarov Azərbaycan mədəniyyətinin inkişafına sanballı töhfə vermişdir.
O, xaricdə yaşayıb-yaratsa da, müasir Azərbaycan incəsənətini təbliğ etməyi özünün başlıca borcu sanırdı. O, sənətsevərləri fəaliyyətinin vüsəti ilə heyran qoyurdu, Azərbaycan Yaradıcı Gənclər Assosiasiyasının - SSRİ ərazisində ilk qeyri-rəsmi birliyin rəhbəri, Bakı İncəsənət Mərkəzinin yaradıcısı, “Caspian”, “Salam”, “Great silk road”, “Caspian reseach” jurnallarının, İngiltərədəki Azərbaycan mədəniyyət nümayəndəliyinin, Londondakı “Humay” bədii qalereyasının, “Anglo-Caspian Publishing Ltd” Beynəlxalq nəşriyyat evinin və “GSRWnews” informasiya agentliyinin banisi, Azərbaycan, Qazaxıstan və Özbəkistanda kitab naşiri, Azərbaycan mədəniyyət xadimlərinin xaricdə bir çox sərgi və konsertlərinin və Bakıda ilk beynəlxalq fotosərginin təşkilatçısı olmuşdur. İndi ənənəyə çevrilən bu fotosərgi onun adını daşıyır.
Sonda xalq rəssamı Ömər Eldarov toplaşanlara oğlunun xatirəsinə hörmətə görə təşəkkür etdi.