RƏSSAMLARIMIZ MOSKVADA KEÇİRİLƏN MÜASİR SƏNƏT SƏRGİSİNDƏ İŞTİRAK EDİRLƏR
Tanınmış Rusiya rəssamı Leonid Bajanov və digər çıxış edənlər Cənubi Qafqaz respublikaları və Rusiya incəsənətlərinin yaxınlaşmasının və ümumən yaxın xarici ölkə rəssamlarının yaradıcılığı ilə daha sıx qarşılıqlı fəaliyyətin vacibliyindən danışmışlar.
Sərgidə müasir incəsənət janrında işləyən 16 Azərbaycan rəssamının əsərləri nümayiş etdirilir. Onlar müxtəlif yaşlı, müxtəlif yaradıcılıq üslubuna malik, azadlığa, innovasiyalara can atan fırça ustalarıdır.
Azərbaycanın performansçı rəssamı Baba Bədəlovun zibildən düzəltdiyi “Tratu-art” installyasiyası və öz əksinin fotoprinti kimi qeyri-adi əsərləri diqqəti xüsusilə cəlb etmişdir. Rəssamın sozlərinə görə, o, yaradıcılığını dünyaya ironik münasibət, ülvi hisslərlə miskin düşüncələrin, bir növ, qarşılıqlı əlaqəsi üzərində qurmuşdur. Baba Bədəlovun əsərləri ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır. Onun işləri ABŞ-da, Sankt-Peterburqda, Gürcüstanda dəfələrlə nümayiş etdirilmiş, axırıncı fərdi sərgisi isə Türkiyədə olmuşdur.
Rəşad Ələkbərovun “Şərq-Qərb” installyasiyası, Orxan Aslanovun “Mən bulud istəyirəm” fotoqrafiya və kompyuter qrafikası, Təhminə Əhmədovanın “Adsız” foto və slayd-şousu, Leyla Axundzadənin sərbəst mövzuda fotosu, Əli Həsənovun “Kilkuş” performansı, Elşad İbrahimovun interaktiv fleş-animasiyası, Orxan Hüseynovun “Yer altında həyat” fotoprinti, Miraslan Zeynalovun “Qotik at” kompyuter qrafikası və müasir rəssamlarımızın bir sıra digər çox maraqlı işləri diqqəti cəlb etmişdir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, “Zamanın qanadları” Yaradıcılıq Assosiasiyasının direktoru Leyla Axundzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, rəssamlarımızın moskvalıların, sənətşünasların qarşısına çıxarmalı əsərləri çoxdur. Biz bir çox ölkələrlə əməkdaşlıq edirik, ABŞ, Kanada, Fransa, Almaniya, Serbiya, Bolqarıstan, Polşa, Türkiyə və İranda sərgilər keçirmişik. Ümidvarıq ki, bu sərgi Rusiya və qonşu dövlətlər ilə gələcək əməkdaşlığın genişlənməsinin təməlini qoyacaqdır.
Sərgidə Ermənistan rəssamlarının da iştirakı nəzərdə tutulmuşdu, lakin onlar maliyyə problemi ilə əlaqədar Moskvaya gələ bilməmişlər.