ROMA PAPASININ QATİLİNƏ SOVET CASUSLARI “NƏZARƏT EDİRDİLƏR”
Təhqiqatı aparmış komissiyanın başçısı senator Paolo Qutssanti bildirmişdir ki, milliyyətcə polyak olan və Şərqi Avropada kommunizm üçün qorxu sayılan Papanın qətlə yetirilməsi haqqında qərar ən yüksək səviyyədə - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu səviyyəsində qəbul edilmişdi. Bu nəticə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi arxivinin sabiq mühafizi, 1992-ci ildə Rusiyadan Qərbə qaçan Vasili Mitroxinin Moskvadan gizlicə çıxardığı sənədlər əsasında aparılan təhqiqatın yekunlarının bir hissəsidir. Quatssanti bu ay İtaliya parlamentinə təqdim ediləcək məruzənin təfərrüatını açıqlayaraq demişdir: “Komissiya hesab edir ki, Roma Papasının aradan götürülməsinin təşəbbüsçüsü, şübhəsiz, SSRİ rəhbərliyi olmuşdur”.
Xatırladaq ki, Papa 1981-ci il mayın 13-də Müqəddəs Pyotr meydanında qarnından yaralanmışdı. Papa təcili yaxınlıqdakı xəstəxanaya aparılmış və həkimlər onun həyatını xilas etmişdilər. Papaya güllə atan Mehmet Əli Ağca sui-qəsddən bir neçə dəqiqə sonra yaxalanmışdı. O, əvvəlcə təkbaşına işlədiyini söyləmiş, lakin sonra etiraf etmişdi ki, Şərqi Avropanın kommunist rejimlərinin məxfi xidmət idarələri tərəfindən cəlb olunmuşdur. Sonra o, bundan da imtina etmişdir. 1986-cı ildə Romada məhkəmə zamanı prokurorluq ittihamı sübuta yetirə bilməmişdir. İttiham ondan ibarət idi ki, Papanı öldürmək üçün Ağcanı Sovet İttifaqı adından Bolqarıstanın xüsusi xidmət orqanları muzdla tutmuşdular.
Komissiyanın rəylərinə görə, sovet planında Bolqarıstanın məxfi agentlərinə müəyyən rol ayrılmışdı, lakin onlar əməliyyatın həqiqi rəhbərləri üçün olsa-olsa “pərdə” idi. Komissiya bildirmişdir ki, əldə etdiyi fotoşəkil təsdiqləyir ki, Müqəddəs Pyotr meydanında sui-qəsd zamanı bolqarıstanlı agent Sergey Antonov Ağca ilə birlikdə olmuşdur. Komissiyanın fikrincə, Antonovun vəzifəsi Ağca Papaya sui-qəsdi yerinə yetirən kimi onu məhv etmək idi. 1986-cı ildə Roma məhkəməsi tərəfindən digər bolqarlarla birlikdə bəraət verilən Antonov məhkəmədə bildirmişdi ki, hadisə zamanı işdə olmuşdur. O, “Balkan Eyr” aviaşirkətinin Romanın “Fiumiçino” hava limanında nümayəndəsi idi.
Məruzə fransalı hakim Jan Lui Brügerin bəyanatlarına da əsaslanır. Qutssanti “Çaqqal” ləqəbli terrorçu Karlosun işini təhqiq edən Brügeri “terrorizm problemləri üzrə Avropanın ən yaxşı ekspertlərindən biri” adlandırır. O demişdir: “Brüger əmindir ki, Roma Papasına sui-qəsd SSRİ DTK Baş Hərbi Kəşfiyyat İdarəsinin işidir”.