“Rosaviasiya”: Qəzaya uğrayan təyyarənin göyərtəsində 6 nəfər olub - YENİLƏNİB 2
Bakı, 21 yanvar, AZƏRTAC
Əfqanıstanda radardan itən təyyarə “Atletik Group”a məxsusdur. Təyyarə Daşkənddən Moskvaya uçurdu.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) açıqlama yayıb.
Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib.
“İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir.
“Rosaviasiya” Əfqanıstan və Tacikistanın aviasiya qurumları ilə əlaqə saxlayır. Hazırda təyyarənin axtarışı davam etdirilir.
Bədaxşan əyalətindəki Taliban hərəkatının nümayəndəsi “Khaama Press” agentliyinə hadisənin başvermə səbəbini araşdırmaq üçün bölgəyə qrupun göndərildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, təyyarə radardan çıxıb və dağlıq əraziyə düşüb.
11:38
Əfqanıstanın şimal-şərqində qəzaya uğrayan təyyarə Hindistan şirkətinə məxsus olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Aamaj News” agentliyi məlumat yayıb.
Hava gəmisi Moskva istiqamətində uçurmuş.
Bildirilir ki, təyyarə texniki nasazlıq səbəbindən Bədaxşan əyalətində qəzaya uğrayıb. Agentlik təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verməyib.
10:19
Əfqanıstanın Bədaxşan vilayətində təyyarə qəzası olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanları açıqlama verib.
Təyyarənin qəzaya uğradığı əraziyə xilasedici qruplar göndərilib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.