Rotterdamda Benilüks Azərbaycanlıları Konqresi xeyriyyə aksiyası keçirib VİDEO
Rotterdam, 12 aprel, AZƏRTAC
Niderlandda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən “Qarabağ” İdman Klubu və Rotterdam şəhərində fəaliyyət göstərən DOCK tərəfindən bu şəhərdə koronavirus epidemiyası ilə əlaqədar karantində olan 60 nəfər yaşlı və əlil insana köməklik göstərilib.
AZƏRTAC xəbər verir ki, bu haqda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov məlumat verib.
Bildirib ki, COVID-19 epidemiyasına qarşı dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hamı birləşərək bərabər mübarizə aparmalıdır.
“Niderlandda yaşayan insanlara azərbaycanlıların sülhsevər və xeyirxah insanlar olduğunu göstərməyə çalışdıq. Tolerant ölkəmizdə də heç bir zaman dinə, dilə, milli mənsubiyyətə görə ayrı-seçkilik edilmir. “Qarabağ” İdman Klubunun bu xeyriyyə addımı yerli insanlar tərəfindən çox xoş qarşılandı və yüksək qiymətləndirildi. Bundan sonrada belə aksiyaları davam etdirəcək və ölkəmizi yaxından tanıtmağa çalışacağıq”,-deyə E. Məmmədov diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam