SİYASƏT
Rotterdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib VİDEO
Rotterdam, 8 may, AZƏRTAC
Azərbaycanın Niderland Krallığındakı səfirliyi, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rotterdam şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın və Niderlandın Dövlət himnləri səsləndirilib. Sonra Ümummilli Liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərindən söz açaraq, Azərbaycanın ən çətin dövründə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən danışıb. Bildirib ki, müasir neft strategiyasının banisi Heydər Əliyev 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici sərmayəçiləri ölkəyə gətirməklə Azərbaycanın müstəqilliyinin təməlini qoyub.
Sonra çıxış edən səfir Rəhman Mustafayev deyib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycan müstəqilliyini itirmək, ölkənin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəni belə ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlmiş Ulu Öndər ilk günlərdən şəxsiyyətinin böyüklüyünü, əsl dövlət xadimi kimi müdrikliyini ortaya qoydu. Təcrübəli siyasi xadim daxili vəziyyəti sabitləşdirməyə və gənc respublikanı böhrandan çıxarmağa nail oldu. Müharibə və işğala məruz qalan, siyasi, iqtisadi və sosial böhranlarla iflic vəziyyətinə düşən ölkənin dağılmasının qarşısını aldı.
Səfir həmin dövrdəki xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Vurğulayıb ki, Heydər Əliyev fenomenal bir şəxsiyyət olub. O, çətin vəziyyətdə olan ölkəni qısa müddətdə dirçəltməyə nail olub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, Ümummilli Lider müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızın taleyindən narahatlığını bildirib, əsirlərin azad edilməsinə nail olub. Ulu Öndərin əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məsələlərə xüsusi diqqət yetirib.
Niderlandda fəaliyyət göstərən rəssam Rasim Hüseynov, Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, beynəlxalq qadınlar klubunun rəhbəri Kəmalə Cəlilova çıxış edərək, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və inkişafında misilsiz xidmətlərindən danışıblar.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti və Azərbaycan Ordusunun qüdrəti sayəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin 44 günlük Vətən müharibəsi zamanı azad edildiyi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu diqqətə çatdırılıb.
Sonda Niderlandda yaşayan kamança ustası İlham Babayevin ifasında Azərbaycan musiqisi səsləndirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam