İQTİSADİYYAT
Rövnəq Abdullayev: Ənənəvi iqtisadi mexanizmlərin əvəzlənməsi strateji hədəflərdən biridir
![Rövnəq Abdullayev: Ənənəvi iqtisadi mexanizmlərin əvəzlənməsi strateji hədəflərdən biridir](/files/2023/3/1200x630/17020278006177132816_1200x630.jpg)
Bakı, 8 dekabr, AZƏRTAC
Son illərdə Azərbaycanda da sosial-iqtisadi sahədə, xüsusilə insan kapitalının inkişafı, innovativ cəmiyyətin formalaşdırılması istiqamətində ciddi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev “1-ci İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə deyib.
O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində cari ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 2,7 milyard dolları təşkil edib.
“Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz artıb. ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və digər sahələrin payına düşüb. Cari ilin üçüncü rübünün yekunlarına əsasən sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz olub. Yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən məhsul istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 2,3 milyard manata çatıb və bunun 31,2 faizi ixrac edilib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə satılıb”, - deyə Rövnəq Abdullayev əlavə edib.
R.Abdullayev qeyd edib ki, sahibkarlığın inkişafı iqtisadiyyatın böyüməsi, işgüzar aktivlik, biznesin çevikliyi deməkdir: “Sahibkarlıq üçün yaradılmış mühit sabit, şəffaf və hüquqların təmin olunduğu komponentləri özündə birləşdirir. Bu alətləri düzgün istiqamətləndirmək, iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün əlverişli biznes mühiti yaratmaq prioritetlərimiz sırasındadır. Qarşıdakı illərdə də beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən və yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Burada əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu baxımdan sahibkarların istehsal etdikləri məhsul və xidmətlərin təqdim edilməsi üçün bu kimi sərgilərin təşkili əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafını sürətləndirməklə uzunmüddətli dövr üçün dayanıqlı iqtisadi inkişafı təmin etməyi hədəfləyən ölkəmizin də bu proseslərdən kənarda qalması qeyri-mümkündür. Ənənəvi iqtisadi mexanizmlərin yeni, sürətli və məhsuldar analoqları ilə əvəzlənməsi milli iqtisadiyyatın qarşısında duran strateji hədəflərindən biridir”.