RSXM ilə UFAZ zəlzələlərin öyrənilməsi sahəsində birgə tədqiqatlar apara bilər
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli Azərbaycan-Fransız Universiteti və RSXM arasında əməkdaşlıq olduğunu, universitet tələbələrinin mərkəzdə təcrübə keçdiklərini qeyd edib. RSXM-nin baş direktoru mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar haqqında qonaqları məlumatlandıraraq elm və təhsilin inteqrasiya sahəsində inkişafını təmin etmək üçün mərkəzin dünyanın aparıcı universitetləri, eləcə də yerli universitetlərlə yaxından əməkdaşlıq etdiyini bildirib.
Görüşdə UFAZ-ın nümayəndələri universitetlə mərkəz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Həmçinin zəlzələlərin öyrənilməsi sahəsində birgə tədqiqatların aparılmasının mümkünlüyü də istisna edilməyib.
Sonda UFAZ-ın müəllimi Zaur Bayramov zəlzələlərin öyrənilməsində süni intellektin tətbiqinə dair təqdimatla çıxış edib.
Görüşdə maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.