Rumıniyada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul
Buxarest, 31 may, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Rumıniyadakı səfirliyi Buxarestdə yerləşən “Diplomat Klubda” rəsmi qəbul təşkil edib.
Tədbirdə Rumıniya Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər və digər nazirliklərin, siyasi partiyaların nümayəndələri, parlament üzvləri, tanınmış iş adamları, Rumıniyada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və beynəlxalq təşkilatların rəhbərləri, türk və tatar icmalarının nümayəndələri, burada təhsil alan və yaşayan azərbaycanlılar iştirak edib.
Qəbulda Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları ilə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən video-çarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
Tədbirdə Rumıniya tərəfindən ali qonaq qismində Xarici İşlər Nazirliyinin strateji və ikitərəfli məsələlər üzrə dövlət katibi Daniel İonitsa iştirak edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest