Rusiya çempionu olan azərbaycanlı: Futbolda heç vaxt kumirim olmayıb - MÜSAHİBƏ
Bakı, 22 yanvar, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin və Rusiyanın “Zenit” klubunun müdafiəçisi Nigar Mirzəliyeva AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Bir ildir "Zenit"də çıxış edirsiniz. Rusiya klubunda işləriniz necədir?
- Bəli, “Zenit”də ikinci ilimi keçirirəm. Rusiya futboluna uyğunlaşmaq çətin olmadı. Məşqçilər heyəti və komanda yoldaşlarım mənə çox isti münasibət göstərirlər. Ötən mövsüm çempion olduq. Çox yaxşı komanda formalaşdırmışıq.
- Sankt-Peterburq təmsilçisi ilə hələ 1 illik müqaviləniz var. Bu komandada qalmağı düşünürsünüz?
- Əlbəttə ki, qalmaq istəyərəm. Razılıq olsa, daha bir il “Zenit”də çıxış edəcəyəm.

- Başqa təklifləriniz var?
- Bu il heç bir təklif almamışam. Ötən mövsüm gələn iki təklif isə qüvvədədir. Amma hələ buna tam olaraq hazır deyiləm. Həm də mənə uyğun klublar deyil.
- Rusiya və Azərbaycanın qadın futbolunu necə müqayisə edərdiniz?
- Mənim üçün millidə və klubda keçirdiyim oyunlar eynidir. İki ölkənin futboluna gəlincə, bununla bağlı müqayisə aparmaq çətindir. Sadəcə, onu deyə bilərəm ki, Rusiyada qadın futbolunun səviyyəsi daha yüksəkdir.
- Belə bir imkanınız olsa, gələcəkdə hansı məşhur klubda çıxış etmək istərdiniz?
- Əlbəttə, karyeramla bağlı hədəflərim böyükdür. Ancaq indi gələcək haqqında danışmaq istəmirəm. Bunu sirr olaraq saxlamaq istəyirəm. Onsuz da müqavilə bağladıqdan sonra hər kəs biləcək.

- Hansı futbolçunu özünüzə kumir hesab edirdiniz?
- Futbolda heç vaxt kumirim olmayıb (gülür).
- Futboldan başqa hansısa idman növü ilə məşğul olursunuz?
- Acığı, heç bir idman növünə həvəsim yoxdur. Boş vaxtlarımda qaçmağı və fitneslə məşğul olmağı sevirəm.
- Hansı halda futbolla vidalaşarsınız?
- Düşünə bilmirəm ki, hansısa məqam mənim futboldan getməyimə təsir etsin. Çünki uşaqlıqdan bu sahəyə həvəsim və sevgim olub. Təbii ki, ağır zədə alsam, futboldan getmək məcburiyyətində qalaram.

- Azərbaycan millisi UEFA Millətlər Liqasında tarixi nəticə qazandı. Bu uğuru necə şərh edərdiniz?
- Əlbəttə, bu uğurla bağlı danışmağa dəyər. İlk dəfə təşkil olunan Millətlər Liqasında B Divizionuna vəsiqə qazanmaq böyük nailiyyətdir. Buna görə çox xoşbəxtəm.
- C Liqasından fərqli olaraq, B Divizionunda daha güclü komandalarla qarşılaşacaqsınız. Şansları necə qiymətləndirirsiniz?
- Bəli, B Liqasında daha güclü komandalar var. Biz istək və inam hesabına qrupdan lider kimi çıxmağı bacardıq. İnanıram ki, əsl xarakter nümayiş etdirib B Divizionunda da birinci olacağıq.