DÜNYA
RUSİYA FEDERASİYASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ BİR NEÇƏ GÜN QALIR
AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, prezidentliyə 6 nəfər namizəddir. Bunlar Rusiyanın indiki prezidenti Vladimir Putin, Federasiya Şurasının sədri Sergey Mironov, RF Kommunist Partiyasından namizəd Nikolay Xaritonov, RLDP-dən namizəd Oleq Malışkin və müstəqil namizədlər İrina Xakamada və Sergey Qlazyevdir.
İctimai Rəy Fondunun (İRF) keçirdiyi sorğunun son məlumatına görə, qarşıdakı seçkilərdə seçicilərin 64,8 faizindən çoxu RF Prezidenti Vladimir Putinə səs vermək, təxminən 17 faizi isə bütün qalan namizədlərı dəstəkləmək niyyətindədir. Sorğu iştirakçılarının 2 faizi bütün namizədlər əleyhinə səs verəcəyini, qalanları isə seçkilərdə iştirak etməyəcəklərini bildirmişlər.
Bundan başqa, Vladimir Putini “ümidlər prezidenti” adlandırırlar və müxtəlif analitik mərkəzlərin məlumatına görə, onun tərəfdarları daha fəaldır. Çoxları ümid edir ki, o, prezident vəzifəsində ölkədə qayda-qanun yarada biləcəkdir.
Əslində, bütün proqnozlar göstərir ki, Vladimir Putin prezident seçkilərində inamlı qələbə qazanacaqdır, çünki onun reytinq göstəriciləri bu vəzifəyə qalan namizədlərin göstəricilərindən çox yüksəkdir. İndiki dövlət başçısı digər namizədlərlə teledebatlardan imtina edərək, seçkiqabağı kampaniyanı fəal aparır və öz reytinqinə müsbət təsir göstərən bir sıra mühüm addımlar atmışdır. Bu addımlar sırasında RF hökumətinin istefaya göndərilməsi və Mixail Fradkovun hökumətin sədri təyin edilməsi diqqəti xüsusilə cəlb edir.
RF Mərkəzi Seçki Komissiyasının sədri Aleksandr Veşnyakov mətbuat konfransında bildirmişdir ki, seçicilərin prezident seçkilərində fəallığı parlament seçkilərindəki fəallığından heç də aşağı olmayacaqdır.