RUSİYA İSLAM KOMİTƏSİ ÖLKƏNİN GERBİNDƏN PRAVOSLAV XAÇLARININ ÇIXARILMASINI TƏKLİF EDİR
Rusiya Federasiyasının Prezidenti yanında Heraldika Şurasının sədri, dövlət heroldmeysteri Georgi Vilinbaxov Heydər Camalın bəyanatına cavab olaraq xatırlatmışdır ki, Rusiyanın dövlət gerbindəki xaçlar yalnız pravoslav rəmzi deyildir. Bu məsələ Dövlət Dumasında müzakirə edilmişdir. Vilinbaxovun sözlərinə görə, Yevgeni Primakov kimi müsəlmanlıq sahəsində görkəmli mütəxəssis də təsdiqləmişdir ki, belə xaça müsəlman mədəniyyətində də rast gəlinir.
Bəzi müsəlman liderləri və alimləri Rusiya gerbindən pravoslav rəmzini götürməyə çağırırlar. Onların fikrincə, gerb Rusiya dövlətinin çoxkonfessiyallığını və çoxmillətliliyini təcəssüm etdirməlidir.
Rusiyada axırıncı siyahıyaalmanın yekunlarına görə, ölkə əhalisinin 10 faizi müsəlmandır. Bununla əlaqədar olaraq, Rusiyanın hüquq müdafiəçiləri hesab edirlər ki, ölkə gerbindəki pravoslav rəmzi insan hüquqlarının pozulması deməkdir.
Quranın dünyada ən görkəmli tərcüməçilərindən biri olan Valeriya Proxorova bu məsələni İctimai Palata qarşısında qaldırmağı təklif etmişdir.
Xatırladaq ki, Rusiya gerbinin mərkəzində ilanı öldürən pravoslav müqəddəsi Georgi Pobedonosets təsvir olunmuşdur. Bundan əlavə, ikibaşlı qartalın başını xaçlı taclar bəzəyir. Daha bir xaç quşun caynağında tutduğu qızıl şar üzərində yerləşdirilmişdir.