Rusiya Müsəlmanları Ruhani İdarəsi başçısının müavini: Azərbaycan öz fəaliyyətində tolerantlıq prinsiplərini əsas tutur
Bakı, 15 mart, AZƏRTAC
Artıq neçə onillikdir ki, Azərbaycanda, Bakıda, bu gözəl respublikanın digər şəhərlərində səfərdə oluram. Biz respublikanın necə fəal şəkildə inkişafa yenicə başladığı və problemlərlə qarşılaşdığı postsovet dövrünü xatırlayırıq. Hazırda respublika sabit inkişaf edir və Azərbaycan öz fəaliyyətində əsas istiqamətlərdən biri kimi tolerantlıq prinsiplərini, ölkə ərazisində yaşayan dini qrupların hüquq və azadlıqlarına ehtiramı əsas tutur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi başçısının birinci müavini, Moskva İslam İnstitutunun rektoru Səfa Kərimov bildirib.
“Azərbaycanın ənənəvi dinlərinin nümayəndələri Moskvaya gələndə, hətta bu gün konfransda Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə görüşəndə mən növbəti dəfə onlara bu sualı verdim: “Siz Azərbaycanda yaxşı yaşayırsınızmı? Sizin hüquqlarınız məhdudlaşdırılmır ki?” Onlar belə cavab verdilər: “Xeyr, məhdudlaşdırılmır. Əgər hansısa sual yaranırsa, biz Rus Pravoslav Kilsəsi, yəhudi icması adından Prezidentə müraciət edirik və dəstək alırıq. Buraya həm maddi, həm də mənəvi dəstək aiddir”, - deyə idarə rəhbərinin müavini bildirib.
O əlavə edib ki, Bakıda həm xristian məbədlərinin, həm yəhudi sinaqoqlarının, məscidlərin olması və yenilərinin tikilməsi onu deməyə əsas verir ki, respublika dünyəvi demokratik dövlət kimi qalmaqla balansı gözləmək, dinin bütün normalarına şərtsiz riayət etmək vəzifəsini qarşılarına məqsəd qoymayan, lakin, eyni zamanda, bu ölkədəki digər dinlərin nümayəndələrinin hüquq və azadlıqlarına hörmətlə yanaşan insanların hüquq və azadlıqlarına riayət etmək əzmindədir.
S.Kərimov vurğulayıb ki, Bakı artıq uzun illərdir dünyanın hər yerindən din rəhbərlərini bir yerə toplayır, bu şəhəri həmişə tanınmış ilahiyyatçı-alimlər, dünya dinlərinin nümayəndələri ziyarət edirlər. Bakıda səslənən fikirlər Birləşmiş Millətlər Təşkilatı kimi nüfuzlu qurumlaradək çatır. O, bunun əhəmiyyətini qeyd edib: “Bir var bizi zalda eşidirlər, bir də var ki, əldə olunan strateji mexanizmlər əsasında nüfuzlu təşkilatlar tərəfindən müvafiq tədbirlər görülür”.