Rusiya Prezidenti ölkənin Federal Məclisinə növbəti müraciətini təqdim edib
Moskva, 21 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə növbəti müraciətini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti ölkənin Federal Məclisinə 17-ci müraciətini ünvanlayıb. O, müraciətində ölkənin iqtisadi vəziyyəti, perspektiv vəzifələr, eləcə də beynəlxalq vəziyyətlə bağlı məsələlərə toxunub.
Rusiyanın yeni tarixində bu, Federal Məclisə 27-ci müraciətdir. Hazırkı Prezidentdən əvvəl Boris Yeltsin və Dmitri Medvedev də belə müraciətlərlə çıxış etmişdilər.
Rusiya Prezidenti müraciətini “Manej” Mərkəzi Sərgi Salonundan səsləndirib. Mərasimə Dövlət Dumasının deputatları, hökumətin üzvləri və Prezident Administrasiyasının nümayəndələri, regionların başçıları və digər məsul şəxslər dəvət olunublar. Bu il koronavirus pandemiyası ilə əlaqədar tədbiri işıqlandıran jurnalistlərin sayı nisbətən azalıb. Belə ki, ötən il mərasimdə 900 jurnalist iştirak etdiyi halda, bu il tədbiri 435 KİV nümayəndəsi işıqlandırıb.
Prezident Vladimir Putin builki müraciətində koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhrandan çıxış yolları, qarşıdan gələn parlament seçkiləri, infrastruktur layihələrinin inkişafı, sosial sahənin dəstəklənməsi və digər məsələlərə toxunub.
Beynəlxalq siyasi vəziyyətdən danışan Rusiya rəhbəri bildirib ki, rəsmi Moskva regional münaqişələrin nizama salınmasına yardım göstərməyə çalışır. O, Dağlıq Qarabağda silahlı qarşıdurmanın dayandırılması, Suriyada vəziyyətin sabitləşməsi, Liviyada siyasi dialoqun bərpası istiqamətində görülən işləri müsbət qiymətləndirib.
Bundan başqa, V.Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərin başçılarına epidemioloji vəziyyət imkan verən kimi şəxsən görüşmək təklifi edib, bu təşkilatın dünya düzənində aparıcı rolunun saxlanması və möhkəmlənməsinə tərəfdar olduğunu vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva