RUSİYA SENATORU FƏRHAD ƏHMƏDOVUN FİKRİNCƏ, AZƏRBAYCAN İMTAHANDAN ŞƏRƏFLƏ ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, beynəlxalq nümayəndə heyətinin tərkibində Azərbaycanda parlament seçkilərini izləyən Rusiya Federal Məclisi Federal Şurasının üzvü Fərhad Əhmədov bu seçkilərlə bağlı təəssüratını bölüşmüşdür. F.Əhmədov bildirmişdir ki, seçkilərə nəzarət edən beynəlxalq nümayəndə heyətinin tərkibində müşahidəçi qismində iştirakından məmnun qalmışdır və bununla fəxr edir. Onun sözlərinə görə, gənc müstəqil Azərbaycan beynəlxalq standartlara müvafiq keçirilən seçkilərdən şərəflə çıxmışdır. O demişdir: “Tələblər həddən çox, imkanlar isə məhdud idi, çünki şəffaf seçkilərin keçirilməsi üçün barmaqların görünməyən mürəkkəblə işarələnməsi və digər tədbirlər haqqında göstəriş seçkilərə bir həftə qalmış verilmişdi. 4 milyon seçicinin barmaqlarının işarələnməsi isə asan məsələ deyildir. Buna baxmayaraq, Prezident İlham Əliyev bu yolu seçərək sübut etdi ki, Azərbaycan ədalətli və şəffaf seçkilər keçirmək niyyətindədir. Mən seçkilərin nəticələrindən, ilk növbədə, Azərbaycanda haqqında çox danışılan və Ukrayna, Qırğızıstan və Gürcüstanda baş verən “narıncı inqilab”a yol verilməməsindən razıyam. Mən buna çox sevinirəm və ürəkdən arzu edirəm ki, Azərbaycan öz inkişaf yolunu sabit, məlum istiqamətdə davam etdirsin. Bütün bunlar Azərbaycan xalqının və rəhbərliyinin öz əlindədir.
Senator onu da vurğulamışdır ki, ölkəmiz yaxşı sürət götürmüşdür. Əvvəla, “Əsrin müqaviləsi” imzalanmışdır ki, bunun da böyük tarixi və siyasi əhəmiyyəti var. İkincisi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi, üçüncüsü isə Azərbaycanda azad və ədalətli parlament seçkiləridir. Seçkilər, şübhəsiz, Azərbaycanı yeni beynəlxalq qanunlarla təmin edəcəkdir ki, bu da ölkəmizdə gələcək iqtisadi, siyasi islahatlara təkan verməklə, sonda ən ağrılı problemin – Qarabağ münaqişəsinin həllinə yol açacaqdır.