RUSİYA VƏ AZƏRBAYCAN ARASINDA MƏDƏNİYYƏT VƏ TURİZM SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, tədbirdən məqsəd ölkələrimiz və xalqlarımız arasında mədəni və humanitar sahədə uzun illərdən bəri mövcud olan əlaqələrin inkişafını müzakirə etmək, turizm sahəsində əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Mədəniyyət və turizmin bir-birinə bağlılığından danışan S.Məmmədəliyeva, bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının ölkəmizdə bu sahənin inkişafına böyük təkan verəcəyini diqqətə çatdırmışdır.
Nazir müavini ölkəmizdə çoxsaylı rus icmasının yaşadığını, habelə Azərbaycanda rus dilinin geniş yayıldığını, bu dildə təhsil verən xeyli təhsil müəssisəsinin olduğunu demişdir.
Hər iki ölkədən dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə turist turlarında tarixi-mədəni yerlərə səfərlərin təşkilinin səmərəsindən danışılmış, Azərbaycanda bu istiqamətdə böyük imkanların olduğu bildirilmişdir.
Rusiya Federasiyası Həştərxan vilayəti iqtisadi inkişaf nazirinin müavini Aleksandr Nevredinov rus turistlərinin Azərbaycana maraq göstərdiyini, bu sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu demişdir.
Dəyirmi masada ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı məqsədi ilə hökumətlərarası işçi qrupun yaradılması, habelə yaxın vaxtlarda dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə konfrans keçirilməsi təklifi irəli sürülmüşdür.
Tədbirdə rusiyalı qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanlarına dair broşürlər paylanmışdır.