RUSİYA VƏ TÜRKİYƏ İKİTƏRƏFLİ DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN SƏVİYYƏSİNDƏN MƏMNUN QALMIŞLAR
Dövlət başçıları Kremldə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə bu ölkələrin dövlətlərarası münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirmişlər. Onların fikrincə, bu münasibətlərin bütün istiqamətlərdə böyük perspektivləri var.
Prezident Sezər demişdir ki, Türkiyə-Rusiya münasibətləri intensiv inkişaf edir, etimad və qarşılıqlı anlaşma əsasında qurulur. Ticarət-iqtisadi münasibətlər son 15 ildə yüksək sürətlə inkişaf etmişdir ki, bu da 2000-ci ildən etibarən geniş miqyas alan siyasi əlaqələrə müsbət təsir göstərmişdir. Türkiyə Rusiya Federasiyasını mühüm regional qüvvə, dünyamiqyaslı qüvvə, habelə özünün vacib qonşusu sayır. Onun fikrincə, Türkiyə ilə Rusiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, habelə bütün regionun rifahının yüksəldilməsinə kömək edən layihələrin həyata keçirilməsi baxımından qarşılıqlı fəaliyyətin inkişafına çalışırlar. Əhməd Necdət Sezər demişdir: “Əminik ki, regionumuzdakı mürəkkəb vəziyyətdə Rusiya ilə Türkiyənin əlverişli münasibətləri sülhə, tərəqqiyə və sabitliyə kömək göstərəcəkdir”.
RF Prezidenti V.Putin bildirmişdir ki, son illər Rusiya ilə Türkiyə arasında münasibətlər tamamilə yeni xarakter almışdır. O, Türkiyə siyasətçilərinin həmin istiqaməti dəstəklədikləri üçün Prezident Sezərə minnətdarlığını bildirmişdir. V.Putin sərmayə layihələri sahəsində müsbət meyilləri də diqqətə çatdıraraq vurğulamışdır ki, əgər bir il əvvəl Rusiyanın Türkiyədəki sərmayələri 200 milyon dollar təşkil edirdisə, hazırda həmin rəqəm 3,5 milyard dollara yaxınlaşmışdır. Energetika, nəqliyyat və kimya sənayesi sahəsində iri layihələrin həyata keçirilməsi, kosmik məkanın öyrənilməsi gündəlikdədir. Elektroenergetika və atom enerjisi sahəsində əməkdaşlıq üçün də geniş imkanlar açılır. O xüsusi vurğulamışdır ki, hazırda Rusiya Türkiyənin idxalında ikinci, ixracında isə səkkizinci yeri tutur. Ötən il əmtəə dövriyyəsi rekord həddə çataraq, 15 milyard dollara yaxınlaşmışdır.
Azərbaycanın qonşuları olan bu ölkələrin başçıları çoxşaxəli bütövlükdə Rusiya-Türkiyə əməkdaşlığının inkişafından məmnun qaldıqlarını bildirmiş, bu xəttin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Türkiyə Prezidenti Rusiyaya ilk rəsmi səfəri çərçivəsində Sankt-Peterburqa da gedəcəkdir.