Ruslan Hacıyev: Azərbaycan AŞPA-sız da inkişaf edəcək və möhkəmlənəcək
Tbilisi, 26 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı əslində gözlənilən idi. Ona görə ki, bir çox ölkələr, eləcə də sözdə özünü demokratiyanın, söz azadlığının, insan hüquq və azadlıqlarının müdafiəçisi adlandıran AŞPA Azərbaycanın qüdrətlənməsini, söz sahibinə çevrilməsini qəbul edə bilmir. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazandığı Qələbə bəzi dövlətlərin maraqlarına xidmət etmir. Onlar Azərbaycanı güclü dövlət kimi görmək istəmirlər. Ona görə də Azərbaycana müxtəlif vasitələrlə mane olmağa çalışırlar.
Bu sözləri Gürcüstan parlamentinin sabiq deputatı, siyasi ekspert Ruslan Hacıyev AZƏRTAC-a müsahibəsində söyləyib.
Bunun əslində AŞPA-nın birinci səhvi olmadığını vurğulayan siyasi ekspert qeyd edib ki, AŞPA təkcə Azərbaycana qarşı deyil, Gürcüstana qarşı da yanlış addımlar atıb. Əslində bu qərar elə Ermənistanın da əleyhinədir. Ona görə ki, AŞPA-nın bu qərarı regionda sülhə və sabitliyə yönəlib. Ermənistanın sülh sazişini imzalamaq istədiyi bir vaxtda AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi Cənubi Qafqazda sülhə, sabitliyə qarşı atılmış addımdır. Qara qüvvələrin təsiri altında olan Ermənistan sülh müqaviləsini imzalamadıqca inkişafdan qalır. Eyni zamanda, Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qalır və başqa “havadarları”ndan asılı olur.
“Amma nə AŞPA, nə Avropa İttifaqı, nə də digər təşkilatlar, eləcə də imperialist dövlətlər bununla heç nəyə nail ola bilməyəcəklər. Regionda güclü Azərbaycan, dost və qardaş Gürcüstan və Türkiyə kimi dövlətlər var. Biz bu birlik sayəsində bütün qara qüvvələrə qalib gələcəyik. Azərbaycan AŞPA-sız da inkişaf edəcək və daha da möhkəmlənəcək”, - deyə R.Hacıyev vurğulayıb.
Tbilisi