ELM VƏ TƏHSİL
“Sabahın alimləri” müsabiqəsi çərçivəsində müəllimlər təlimə dəvət olunurlar

Bakı, 27 dekabr, AZƏRTAC
2023-cü ilin fevral ayında keçiriləcək “Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində müəllimlər üçün təlim akademiyası təşkil olunacaq.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, burada müxtəlif elm adamları, sahə üzrə mütəxəssislər və digər maraqlı şəxslərlə görüşlər təşkil olunacaq.
Təlim əsasən “Sabahın alimləri” respublika müsabiqəsinin 8 istiqaməti (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə IX-XI siniflərdə tədris aparan müəllimlər üçün nəzərdə tutulur.
Təlimdə iştirak etmək istəyən müəllimlər gələn il yanvarın 8-dək www.sabahinalimleri.edu.az internet səhifəsində qeydiyyatdan keçə bilərlər.