“Sabah”ın tanınmış hücumçusu: Komandanı layiq olduğu yerə qaytarmağa çalışırıq
Bakı, 11 dekabr, AZƏRTAC
“Düşünürəm ki, geridə qalan 16 tur ərzində daha çox qələbə qazanmalı idik”.
Bunu AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun futbolçusu İshak Belfodil Azərbaycan Premyer Liqasının son turunda evdə “Səbail”ə 4:0 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib.
Əlcəzairli mərkəz hücumçusu qələbəyə layiq oyun nümayiş etdirdiklərini bildirib: “Çıxışımızdan razı qaldım. Qalib gəlmək hər zaman xoşdur. Rəqib də sonadək mübarizə apardı. Tamamilə görüşə fokuslanmışdıq. Güclü heyətimiz var. Baş məşqçinin tapşırıqlarını meydanda səhvsiz icra etdik. Belə davam etməliyik”.
Təcrübəli forvard çempionatda yüksək yerlər uğrunda mübarizə aparacaqlarını söyləyib: “Bundan sonra qələbə seriyası başlatmaq lazımdır. “Kəpəz”lə matçda olduğu kimi bu gün də qalib gəldik. Amma hələ heç nə bitməyib. Qalibiyyətin dadını çıxarırıq. Sabahdan isə “Araz-Naxçıvan”la görüşün hazırlıqlarına başlayacağıq. Bizim üçün hər oyun önəmlidir. Mövsümə yaxşı başlamamışdıq. “Sabah”ı layiq olduğu yerə qaytarmağa çalışırıq. İstəyimizə nail olanadək mübarizə aparacağıq”.
Qeyd edək ki, İshak Belfodil karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib.