Sabirabad və Xəzər gəncləri yeni layihədə bir araya gəliblər
Bakı, 11 mart, AZƏRTAC
Sabirabad və Xəzər rayonlarına virtual səyahət layihəsi hər iki rayonun gəncləri arasında dostluq münasibətlərinin qurulmasına xidmət edir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi gənclərimizin virtual olaraq regionlarımıza səyahətini təşkil etmək və biri-birilərini daha yaxından tanımalarıdır.
Layihənin ilk təqdimatını Sabirabad və Xəzər rayon Gənclər və İdman İdarələri birgə reallaşdırıblar.
Layihə haqqında məlumat verən rayonların idarə rəisləri Nadir Quliyev və Vüqar Əliyev qeyd ediblər ki, birgə təşkil edilən: “Vətənimin hər qarışı gözəldir” layihəsi gənclərimizin dostluq əlaqələrinin möhkəmlənməsinə, onların regionlarımızı daha yaxından tanımalarına xidmət edəcək. Sonra iştirakçılar Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyevin təqdimatında Sabirabad rayonuna virtual səfər ediblər.
Xəzər rayonuna virtual səyahət, bu rayonun idarə rəisi Vüqar Əliyevin təqdimatında təşkil olunub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanov, Xəzər rayon İntellektual gənclər və vətənpərvərlik klubunun sədri Ümüd Həsənli, həmin klubun sədr müavini Həmidə İsgəndərli layihə haqqında təəssüratlarını bölüşüblər.
Pandemiya bitdikdən sonra gənclər rayonlara əyani səfər edəcəklər.