Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında budama işlərini yekunlaşdırıblar
Şabran, 13 mart, Elxan Yusifli, AZƏRTAC
Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında budama işlərini yekunlaşdırıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üzümçülük Şabran rayonunun kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Rayon ərazisində üzüm bağlarının ümumi sahəsi 500 hektardan çoxdur.
Quru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayında başa çatdırılmalıdır. Budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər.
Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Fermer Polad Quliyev bildirib ki, hazırda üzüm bağlarında torpağın nəm qalması üçün təkrar şumlama işləri aparılır. Torpağın quru olması məhsuldarlığı aşağı salan amillərdəndir. Bu işlər yekunlaşandan sonra dərman çilənməsi, gübrələmə həyata keçiriləcək. May ayında isə üzüm bağlarında əsas aqrotexniki işlərdən sayılan yaşıl budamaya başlanacaq.
İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib. Ötən il üzüm bağında 800 tondan çox məhsul toplanılıb. Yaxın vaxtlarda təsərrüfatın sahəsi daha 25 hektar artırılacaq.
Təsərrüfatçı qeyd edib ki, quru budama zamanı tənəklər gücdən düşmüş bar çubuqlarından təmizlənməlidir. Tənəklərdə cavan və məhsuldar çubuqlar saxlanılmalıdır ki, bol üzüm əldə olunsun.
Şabranda daha çox ağ və qara şanı, ağadayı, mədrəsə, təbrizi kimi yerli üzüm sortları becərilir. Rayonun Gəndov inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb.