Sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan yun jiletlər hərbi hissəyə təhvil verilib
Naxçıvan, 14 aprel, AZƏRTAC
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan yun jiletlər hərbi hissəyə təhvil verilib.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu çərçivədə həyata keçirilən haqqı ödənilən ictimai işlərin təşkil olunması sağlamlıq imkanları məhdud şəxslərin səmərəli məşğulluğuna, onların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb. Ötən il ərzində 30-u sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə 224 nəfər sosialyönümlü ictimai işlərə cəlb olunub. Sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 2900 yun boyunluq, 920 yun şərf və 700 yun jilet artıq hərbi hissələrə təqdim edilib. Onlar tərəfindən toxunmuş daha 700 yun jilet yüksək dağlıq şəraitində xidmət edən əsgərlərimizə təhvil veriləcəkdir.
Əlahiddə Ümumqoşun Ordunun zabiti Ramin Dadaşov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Əsgər Tural Məlikov hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Çıxışların ardından yun jiletlər hərbi hissəyə təhvil verilib.