Sağlamlıq şəxsi gigiyenadan başlayır
Bakı, 16 yanvar, AZƏRTAC
Gigiyena sağlamlıq üçün çox böyük əhəmiyyət daşıyır. Hesablamalara görə, insanlar gün ərzində təxminən 150 milyon bakteriya ilə təmasda olurlar. Həmin zərərli bakteriyalardan qorunmaq üçün əl gigiyenasına və təmizliyə diqqət yetirmək lazımdır. 2020-ci ildən - yeni növ koronavirus (COVID-19) infeksiyası yayılandan sonra bu sahədə görülən işlər daha da gücləndirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəllibova deyib: “Son vaxtlar yayılan respirator infeksiyalarla əlaqədar gigiyenik tələblərə daha çox riayət olunmaq zərurəti yaranıb. Elə xəstəlik var ki, hər gün aparılan nəm təmizləmə, səthlərin təmizlənməsi və otaqların havalandırılması kifayət edir. Lakin elə xəstəliklər var ki, xüsusi dezinfeksiya tədbirlərinə ehtiyac duyulur. Məsələn, COVID-19 pandemiyası dönəmində kütləvi şəkildə dezinfeksiya tədbirləri görülürdü”.
Peyvənd olunmayan və şəxsi gigiyena qaydalarına riayət etməyənlər yayılan bütün növ infeksiyalara asanlıqla yoluxurlar. 2020-ci ildə dünyanı öz ağuşuna alan COVID-19 virusundan sonra bütün dünyada insanların bu məsələyə daha həssas yanaşmasına baxmayaraq, son zamanlar müxtəlif infeksion xəstəliklərin yayılması prosesi daha da sürətlənib.
Ən əsas gigiyena qaydalarından biri əllərin mütəmadi olaraq yuyulmasıdır, çünki yoluxucu xəstəliklərin 80 faizi əllər vasitəsilə orqanizmə keçir. Mütəxəssislər bildirirlər ki, insanlar saatda dörd dəfə əllərini yanaqlarına, ağzına, çənəsinə və saçlarına çəkir, üç dəfə burnuna və gözünə vurur. Bu da yoluxucu xəstəliklərin qısa müddətdə yayılmasına səbəb olur. Həkimlərin dediyinə görə, qızılca, sarılıq, məxmərək kimi xəstəliklərin kökündə məhz şəxsi gigiyenaya əməl etməmək dayanır.
Həkim-dermatoloq Sevinc Kərimova bununla əlaqədar deyib: “Şəxsi gigiyena dedikdə ilk növbədə əllərin təmizliyi nəzərdə tutulur. Küçədən, bayırdan evə gələndə birinci olaraq əlləri sabunla təmiz şəkildə yumaq lazımdır. Həmçinin kiminləsə təmasda olarkən öskürən, asqıran, yaxud hansısa qrip və soyuqlama əlaməti hiss edən kimi mütləq şəkildə ağız və burun boşluğunu ilıq su ilə yaxalamaq məsləhətdir”.
Gigiyena həyatın hər sahəsi üçün vacibdir və bu, sağlam fərd olmağın şərtidir. Sağlam olmaq üçün isə mütləq hər kəs özünü və ətrafını təmiz saxlamalıdır.