“ŞAH İSMAYIL XƏTAİ” TANKERİ OKTYABRIN 25-DƏ BAKI BUXTASINDA TƏNTƏNƏLİ SURƏTDƏ İSTİSMARA VERİLMİŞDİR
Mərasimdə Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslər iştirak etdilər. Tankerin kapitanı Cabir Əsgərov gəminin istismara hazır olması ilə bağlı hökumətimizin başçısına məruzə etdi. Kapitan dedi ki, yeni gəmilərin alınması gəmiçilərimizin məsuliyyətini daha da artırır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan qədim İpək yolunun və yaradılan digər beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsində daşınmaların həcminin artırılmasına imkan verəcək bu tankerin şəxsi heyəti yüklərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasına nail olmaq üçün bütün səylərini səfərbər edəcəkdir.
Mərasim iştirakçıları gəminin göyərtəsinə qalxdılar. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Baş naziri tankerlə tanış etdi. Şəxsi heyətin iş yerlərində hər cür şərait yaradılmış, kayutalarda televizor, soyuducu və digər zəruri avadanlıq quraşdırılmışdır.
Gəmi barədə hökumətimizin başçısına məlumat verildi. Bildirildi ki, ən müasir mexanizm və avadanlıqla təchiz olunmuş “Şah İsmayıl Xətai” texniki göstəricilərinə görə bundan əvvəl istismara verilmiş “Prezident Heydər Əliyev” və “Babək” tankerlərinin oxşarıdır. Tankerin uzunluğu 149, 9 metr, eni 17,3 metr, bortunun hündürlüyü 10,5 metrdir. Yükqaldırma qabiliyyəti 13 min ton olan bu tanker də Qazaxıstan neftini TRASEKA proqramına əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə nəql etmək üçün Bakı limanlarına daşıyacaqdır.
Ümumi tanışlıqdan sonra Baş nazir Artur Rasizadə tankerin istismara verilməsini bildirən səs siqnalının düyməsini basdı. Şəxsi heyətə uğurlu səfərlər diləyən hökumətimizin başçısı son illər gəmiçiliyin texniki bazasının genişləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdi. Gəmiçiliyin Azərbaycanın nəqliyyat bölməsinin mühüm sahəsi olduğunu diqqətə çatdıran baş nazir əminliklə dedi ki, istismara verilən yeni tankerlər daşınan neft və neft məhsullarının həcmini sürətlə artıracaqdır.
Sonda mərasim iştirakçıları gəminin göyərtəsindən Bakının mənzərəsini seyr etdilər və xatirə şəkili çəkdirdilər.