Sahibkar xanımlar Ağdamda səfərdə olublar
Bakı, 22 aprel, AZƏRTAC
Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nazir və Tacir Allahverdiyev qardaşlarının doğum günündə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın (AQSİA) üzvləri, sahibkar xanımlar şəhidlərin anasını ziyarət ediblər.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, əkiz şəhid qardaşların anası Mailə xanıma səbir diləyən AQSİA-nın sədri Səkinə Babayeva şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu, hər zaman qəlbimizdə yaşayacağını bildirib. Assosiasiyanın üzvləri Afət Həsənli, Aida Kahveçi, sosial məsələlər komissiyasının sədri, nəzarət təftiş komissiyasının üzvü Gülnarə Xəlilova, idarə heyətinin üzvü və ictimaiyyətlə əlaqələr komissiyasının rəhbəri Mətanət Ağamirli mənəvi borc olaraq hər zaman şəhid anasının yanında olacaqlarını vurğulayıblar.
Assosiasiya üzvləri daha sonra əkiz şəhid qardaşların məzarlarını ziyarət ediblər. Şəhid anası AQSİA-nın ona göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək övladlarının Vətən uğrunda canlarından keçməsindən qürur hissi yaşadığını dilə gətirib. Mailə ana, eyni zamanda, dövlətdən, Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısından, diqqətindən razılığını ifadə edib.
Daha sonra AQSİA üzvləri Ağdamın Quzanlı qəsəbəsində yerləşən şəhid məzarlığını da ziyarət ediblər.