“Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan şəxs məsuliyyətə cəlb olunub
Bakı, 9 mart, AZƏRTAC
Səbail rayonunda oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər məhkum olunmuş Emil Məlikli rayon polis idarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Onun Səbail rayonunda iki binanın saxlanc yerindən məişət əşyaları, bir nəqliyyat vasitəsinin yan güzgüsünü və üç nəfərin evindən geyim əşyaları oğurladığı məlum olub. E.Məliklinin zərərçəkən şəxslərə ümumilikdə 3000 manata yaxın maddi ziyan vurduğu müəyyənləşdirilib.
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon ərazisində yerləşən “Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan paytaxt sakini Azər Məmmədov tutulub. Onun müxtəlif vaxtlarda həmin parkda uzunluğu 900 metr, dəyəri isə 2500-3000 manat olan elektrik kabellərini oğurladığı məlum olub. A.Məmmədov əldə etdiyi kabelləri yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrindən birinə satdığı müəyyən olunub.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.