“Şahin” hərbi-idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib
Tərtər, 6 aprel, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Tərtərdə keçirilən rayon mərhələsinin qalibi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 10 komanda mübarizə aparıb. Əvvəlcə şəhidlərin xatirəsi anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər yarışın keçirilməsinin əsas məqsədinin məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə olunması, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin edilməsi olduğunu bildiriblər.
Sonra komandalar estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Seydimli kənd tam orta məktəbin komandası, eyni zamanda, zona yarışında iştirak etmək hüququ qazanıb.
Sonrakı yerləri Ələsgərli kənd, Tərtər şəhər 5 və 2 saylı tam orta məktəblərin komandaları tutublar. Qalib komandalara diplomlar təqdim olunub.