“Sakartvelis Respublika” qəzetində Fuad Muradovun Azərbaycan-Gürcüstan əlaqələri ilə bağlı müsahibəsi dərc olunub
Tbilisi, 19 mart, AZƏRTAC
Gürcüstanın “Sakartvelis Respublika” qəzetində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Azərbaycan və Gürcüstan iki vəfalı qardaşdır” sərlövhəli müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar” fikri ilə başlayan məqalədə ölkələrimizin zəngin irsinin aydın şəkildə mənzərəsi ifadə olunur.
Bildirilir ki, Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Bizim ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir.
Komitə sədri qeyd edir ki, həqiqətən də bu gün tarixi dostluq əsasında formalaşmış Azərbaycan-Gürcüstan münasibətləri mehriban qonşuluq şəraitində yeni mərhələdə dinamik inkişaf edir. İki dövlət və xalq arasındakı əlaqələr Cənubi Qafqaz regionu üçün parlaq nümunəyə çevrilib, sülhü tərənnüm etdirir. Bildirilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar ilə bağlı məsələlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir və bu, Diasporla İş üzrə Dövlət Komitəsinin də prioritet istiqamətlərindəndir.
F.Muradov bildirir ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin dərin tarixi olduğu kimi, münasibətlərimizin tarixinə hər il yeni-yeni səhifələr yazılır. Bu mühüm amil xalqları bir-birinə daha da yaxın edir. Bunun təməli dahi lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət dövlət başçımız İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsindən də bəhs olunan müsahibədə deyilir: “Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və əsgərlərimizin ruh yüksəkliyi idi”. Qeyd edilir ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Müsahibədə pandemiya dövründə Diaspor Komitəsinin xaricdə yaşayan həmvətənlərimizlə əlaqələrindən də bəhs olunur. Vurğulanır ki, Prezident İlham Əliyevin birbaşa nəzarətində olan pandemiyadan qorunma, nəticələrinin minimuma endirilməsi prosesinə, xaricdə yaşayan azərbaycanlılar da böyük həvəslə qoşuldular. Bu, bir daha göstərdi ki, İlham Əliyev təkcə Azərbaycanda yaşayan vətəndaşların deyil, bütün azərbaycanlıların Prezidentidir.
Müsahibədə komitənin diaspor təşkilatları və soydaşlarımızla əlaqələri, həyata keçirilən layihələr və qarşıda duran konkret vəzifələr də ətraflı şərh olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi