Salonikidə Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Saloniki, 30 may, AZƏRTAC
Yunanıstanın Saloniki şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi tədbirdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyət nümayəndələri, türk icmasının üzvləri, tələbələr və fəal gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov 28 May - Müstəqillik Gününün tarixi barədə məlumat verib. O bildirib ki,1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlamətdar oldu: “Xalq Cümhuriyyətinin yaranması ilə ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yarandı, Azərbaycan xalqı müstəqilliyə qovuşdu, ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başladı. Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu gün bizim vətəndaşı olduğumuz müstəqil və suveren Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirib”.
Sonda Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki