DÜNYA
Şalva Papuaşvili: Müxalifətin beynəlxalq təşkilatların rəyini şübhə altına alması gülüncdür
Tbilisi, 28 oktyabr, AZƏRTAC
"BDİPÇ/ATƏT, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyası oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin legitimliyini tanıyıb. Bu onların hesabatlarında da əksini tapıb. Lakin məğlubiyyətlə barışa bilməyən radikal müxalifət beynəlxalq təşkilatların rəyini qəbul etmir. Müxalifət nümayəndələrinin müşahidə missiyalarının belə bir qiymətləndirmə vermək hüququna malik olmadığını iddia etməsi gülüncdür".
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament seçkilərindən sonra müxalifət, prezident və başqaları tərəfindən irəli sürülən bütün ittihamları şərh edərkən söyləyib.
Qeyd edək ki, müxalifətin Tbilisidə keçirdiyi aksiyada Prezident Salome Zurabişvili seçkilərin saxta olduğunu iddia etmişdi.
Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə oktyabrın 28-də keçirilən mitinqdə gözlənildiyindən də az adam iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi