Şamaxı Astrofizika Rəsədxanasında növbəti onlayn astroseminar
Bakı, 24 may, AZƏRTAC
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminara rəhbərlik edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmov məruzənin mövzusu haqqında məlumat verib.
Rəsədxananın Planetlər və kiçik səma cisimləri şöbəsinin böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Ülviyyə Poladova "Kometa parıltılarında meteor sellərinin mümkün rolu” mövzusunda məruzəsini təqdim edib.
Məruzəçi kometa parıltılarının başvermə səbəbi kimi meteor selləri ilə toqquşma mexanizminin araşdırılırmasından bəhs edib. Bildirib ki, tədqiqat işində kometaların məlum olan meteor sellərindən keçməsi prosesinə nəzər salınıb. Müşahidə obyekti olaraq parıltı qeydə alınan 116 kometa və 102 meteor seli götürülüb. Xüsusi olaraq kometa parıltıları üçün zərbə mexanizminin yoxlanılması və dəqiqləşdirilməsi məqsədilə bu işdə, həmçinin kometa və meteor orbitlərinin MOİD (kometanın və meteor selinin orbitləri arasındakı ən qısa məsafə) analizinin nəticələrinə baxılıb. Parlaqlıq əyrilərində tez-tez parıltılar baş verən 17P (Holms) dövrü kometası haqqında da məlumat verilib.
Sonda məruzənin mövzusu haqqında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar, respublika ərazisində tətbiq edilən karantin qaydalarına uyğun olaraq, seminar “Zoom” üzərindən keçirilib.