Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 16 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarına riayət olunması ilə bağlı tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 14-də keçirilən növbəti belə tədbirlər zamanı Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Delfin” və Nardaran qəsəbəsindəki “Golden Fish” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə həmin istirahət mərkəzlərinin sahibləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilən tədbir zamanı isə “Mirvari” istirahət mərkəzinin ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə həmin istirahət mərkəzinin sahibi barəsində də inzibati xəta haqqında protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.