Sankt-Peterburqda 2017-ci il terror aktının qurbanları yad edilir
Moskva, 3 aprel, AZƏRTAC
2017-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində törədilmiş terror aktının qurbanları yad edilir. Terror aktı həlak olanlar arasında azərbaycanlı Dilbər Əliyeva da var idi.
AZƏRTAC xəbər verir ki, 2017-ci il aprelin 3-də Sankt-Peterburq metrosunun “Sennaya ploşad” və “Texnologiçeskiy institut” stansiyaları arasında qatarda törədilmiş terror aktı nəticəsində 15 nəfər, o cümlədən azərbaycanlı tələbə Dilbər Əliyeva həlak olmuş, 103 nəfər yaralanmışdı. Yaralananlar arasında da həmvətənimiz var idi. Zaur Vəliyev terror aktı zamanı ağır bədən xəsarətləri almışdı.
Sonradan istintaq orqanları hadisəni terrorçu-kamikadze Əkbərcon Cəlilovun törətdiyini müəyyən etmişdilər. Cinayət işinin araşdırması başa çatdıqdan sonra Peterburq Hərbi Məhkəməsi terror aktının təşkilatçıları - Abror və Əkrəm Əzimov qardaşlarına, müvafiq olaraq ömürlük və 28 il azadlıqdan məhrumetmə cəzası verib. Cinayətdə təqsirli bilinən daha 9 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva