Sankt Qallen Beynəlxalq Süd Vəzi Xərçəngi Konfransında Azərbaycan ilk dəfə təmsil olunub
Vyana, 18 mart, AZƏRTAC
Vyanada 18-ci Sankt Qallen Beynəlxalq Süd Vəzi Xərçəngi Konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, dünyanın 100-dən çox ölkəsindən üç mindən artıq mütəxəssisin qatıldığı beynəlxalq tədbirdə ilk dəfə Azərbaycan da təmsil olunub. Konfransın təşkilat komitəsi İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsinin məzunu, eyni zamanda, İstanbul Mərmərə Universitetində Ümumi cərrahiyyə ixtisası üzrə uzmanlıq dərəcəsi almış, Türkiyədə və hazırda Azərbaycanda süd vəzi cərrahiyyəsi üzrə fəaliyyət göstərən, Amerika Cərrahlar Kollegiyasının üzvü Günel Məmmədovanı konfransa dəvət edib.
Konfransda erkən mərhələ süd vəzi xərçənginə beynəlxalq səviyyədə yanaşma, gələcək planlar, elmi tədqiqatların ən yeni nailiyyətləri, kliniki və fundamental tədqiqatlar, eləcə də kliniki pasiyent menecmenti əsasında əldə edilmiş nəticələr təqdim olunub və müzakirələr aparılıb. Beynəlxalq platformada inkişaf etməkdə olan ölkələrdə maddi və fiziki şərtlərin çətinliyi ilə əlaqədar müalicənin gecikməsi və ya düzgün aparılmaması müzakirə olunub.
Günel Məmmədova öz çıxışında Azərbaycan səhiyyəsinin süd vəzi xərçəngi ilə mübarizədə önəmli yol qət etdiyini və dünyada örnək ölkələr arasında olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində geniş tətbiq olunan orqan qoruyucu yeni süd vəzi cərrahiyyəsində onkoplastik cərrahi üsullar Azərbaycanda ilk dəfə məruzəçi Günel Məmmədova tərəfindən uğurla həyata keçirilib. Bu üsul xəstələrin süd vəzini qorumağa və bununla da onların həm fiziki, həm də ruhən sağlam və gümrah şəkildə xərçəng xəstəliyindən qurtulmasına imkan yaradır. Eyni zamanda, diqqətə çatdırılıb ki, ilk dəfə olaraq məruzəçinin təşkilatçılığı və rəhbərliyi ilə geniş komanda ilə xəstələrin cərrahi əməliyyat sonrası onkoloji müalicəsinin düzgün təşkili məqsədilə multidisiplinar konsiliumlar həyata keçirilir. Azərbaycanda bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışdan sonra Amerika Memorial Sloan Ketterinq süd vəzi cərrahiyyəsi şöbəsinin baş həkimi, dünyaşöhrətli süd vəzi cərrahı Monika Morrou Azərbaycan nümayəndəsinə təqdimatı üçün minnətdarlığını bildirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana