İQTİSADİYYAT
Satınalmaların 95 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb
Bakı, 31 yanvar, AZƏRTAC
Ötən il “Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. 2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub, bunun da 95 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ötən illə müqayisədə məbləğ üzrə müsabiqə əsaslı satınalmaların həcmi 70 faiz artıb. 2022-ci ildə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalar tamamilə elektronlaşdırılıb. 2022-ci ildə elektron satınalmaların ümumi satınalmalarda payı say üzrə 59,1 faiz, məbləğ üzrə 18,8 faiz təşkil edib.
Məmməd Abbasbəyli, həmçinin bildirib ki, il ərzində satınalmalar sahəsində Dövlət Xidmətinə daxil olan 10595 yekun protokoldan 1409-da qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.