Saxta erməni soyqırımı növbəti dəfə ifşa edilib
Bakı, 23 aprel, Ramiz Quliyev, AZƏRTAC
“Ermənilər həmişə saxta bəyanatlarla çıxış edərək, hər il aprelin 24-nü erməni xalqının “soyqırımı” kimi təqdim edirlər. Onlar bununla özlərinin təcavüzkar niyyətlərini gizlətməyə çalışırlar”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli aprelin 23-də AMEA-nın İnsan Hüquqları İnstitutunda keçirilən “Saxta erməni soyqırımının növbəti ifşası” mövzusunda “dəyirmi masa”da bildirib.
İ.Həbibbəyli diqqətə çatdırıb ki, ermənilər XX əsrin əvvəllərindən etibarən dinc azərbaycanlı əhaliyə divan tutublar. Erməni vandalları tərəfindən Qubada, Bakıda və digər bölgələrdə günahsız insanlar soyqırımına məruz qalıblar. Dağlıq Qarabağda da vəhşiliklər törədilib. Azərbaycan xalqına və ümumən türk millətinə qarşı Şərqi Anadoluda, Qafqazda və Orta Asiyada bir neçə dəfə ağır, dəhşətli soyqırımı və deportasiyalar baş verib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində biz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını dünya ictimaiyyətinə çatdırırıq. Bu iş uğurla davam etdirilir. Son günlər təmas xəttində baş verənlər Azərbaycan ordusunun gücünü, xalqın dövlətin ətrafında birləşdiyini göstərdi. “Əgər ermənilər Qafqazda yaşamaq istəyirsə, çirkin niyyətlərindən əl çəkməlidirlər. Azərbaycan xalqı sülhün tərəfdarıdır. İnanırıq ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək, haqq-ədalət bərpa olunacaq”.
Qeyd olunub ki, Azərbaycan alimlərinin də əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gələcək nəsillərə çatdırmaq, yalançı, saxta erməni təbliğatının qarşısını almaqdır.
“Dəyirmi masa”da Azərbaycan və Ermənistan tarixinin qadağan edilmiş tarixçəsi barədə "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi, ATV telekanalı və İnsan Hüquqları İnstitutunun birgə istehsalı olan film iştirakçılara təqdim olunub. Filmdə rusiyalı və erməni siyasətçilərin, alimlərin fikirləri, həmçinin ilk dəfə Türkiyə, Rusiya və Gürcüstanın arxivlərindən Azərbaycanın tarixi ilə bağlı nadir sənədlər təqdim edilib. Həmçinin ermənilərin Qafqaza nə vaxt, haradan və necə gəldikləri tarixi faktlar əsasında diqqətə çatdırılıb.
Tədbirdə İnsan Hüquqları İnstitutunun ekspertləri - Rizvan Hüseynov, Anar İsgəndərli, Abbas İslamov və başqaları çıxışlarında məşhur amerikalı siyasətçi Bryus Feinin, ABŞ-ın ali komissarı admiral Mark Bristolun, britaniyalı siyasətçi və hərbiçi admiral Kolbi Çesterin məruzələrinə, o cümlədən dünyanın nüfuzlu alimləri olan Stenford Şounun, Castin Makkartın, Prinston Universitetinin professoru Hitom Lourinin, britaniyalı tarixçi professor Norman Stounun, amerikalı professor Günter Levinin, türkiyəli alim Mehmet Perincəkin tədqiqatlarına istinad edərək, tutarlı arqumentlər gətirməklə faktlar əsasında növbəti dəfə “erməni soyqırımı”nın əslində cəfəngiyyatdan başqa bir şey olmadığı qənaətinə gəliblər.
Digər çıxış edənlər də Ermənistanın əsrlərdən bəri xalqımıza qarşı davam etdirdiyi işğalçı siyasətindən, vurduğu maddi və mənəvi ziyanlardan, beynəlxalq erməni terrorunun törətdiyi vəhşiliklərdən söz açıb, bu cinayətlər haqqında yetişməkdə olan nəsillərin maarifləndirilməsinə, onlarla bu istiqamətdə təbliğatların aparılmasına böyük önəm verilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr zamanı ermənilərin onlara qarşı törədildiyini iddia etdikləri qondarma “soyqırımı” cəfəngiyatının heç bir tarixi sənədə əsaslanmadığı, əksinə hətta erməni alimlərinin özlərinin bu faktları aşkarlamadıqları faktlarla sübut olunub.