AZƏRTAC xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının fevralın 23-də keçirilmiş iclasında Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, gömrük məsələləri üzrə qarşılıqlı yardım haqqında sazişlər, eləcə də “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin konvensiyanın Protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi və digər məsələlər müzakirə olunmuşdur.
Komissiyanın sədri Ziyad Səmədzadə demişdir ki, Azərbaycan və Latviya hökumətləri arasında 2005-ci il oktyabrın 3-də Bakıda imzalanmış sazişlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında, mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.
Müzakirələr zamanı deputatlar bu və digər sənədlərin Azərbaycanın milli maraqlarına xidmət etdiyini və onların parlamentdə təsdiqlənməsinin vacibliyini vurğulamışlar.
Sonda qanun layihələrinin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.