SƏBAİL RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də Səbail Rayon İcra Hakimiyyətinin akt zalında rayon gənclərinin Azərbaycan Gənclərinin V Forumuna hazırlıq çərçivəsində növbəti toplantısı keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Vüqar Mürsəlov rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat vermişdir. İdarə rəisi demişdir ki, “Azərbaycan gəncliyi Dövlət Proqramında (2005-2009-cu illər)” nəzərdə tutulan müddəalara əsasən bir sıra tədbirlər planı hazırlanıb həyata keçirilmişdir. Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, gənclərin maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunması, məktəblilər arasında hərbi idman oyunlarının təşkili məhz belə tədbirlərdəndir. V.Mürsəlov bildirmişdir ki, yalnız cari ildə məktəblilər arasında məhəllələrarası futbol turniri də daxil olmaqla idmanın 15 növü üzrə 200-dən artıq yarış keçirilmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərə dövlət qayğısından, onların ölkənin ictimai-siyasi həyatda aparıcı rolundan danışmışdır. O demişdir ki, 2007-ci ildə gənc nəslin 1000-ə yaxın nümayəndəsi mübadilə yolu ilə xarici ölkələrdə olmuş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini vermişlər.
Tədbirdə çıxış edən Səbail rayon İcra hakimiyyətinin başçısı Sahib Ələkbərov ölkəmizdə gənclər siyasəti ilə bağlı mütərəqqi qanunların qəbul edildiyini, onlara respublikanın ictimai-siyasi həyatında daha fəal iştirak etmək üçün hər cür şəraitin yaradıldığını bildirmişdir. Təqdirələyiq haldır ki, bu gün respublikanın ictimai-siyasi həyatında fəallıq göstərən minlərlə gənc vardır. Lakin bu sahədə hələ də problemlərin qaldığını söyləyən S.Ələkbərov demişdir ki, bəzən gənclərin fəallığı görüntü xarakteri daşıyır. İctimai-siyasi proseslərə qatılan gənclər təşəbbüskar olmalı və daim irəliyə baxmalıdırlar. Çünki siyasət konkret iş görməkdən ibarətdir.
Tədbirin sonunda Səbail rayonundan Azərbaycan Gənclərinin V Forumuna mümayəndələr seçilmişdir.