Səbail rayon məktəbliləri ulu öndər Heydər Əliyevin zəngin irsinə böyük maraq göstərirlər
Bakı, 19 fevral, AZƏRTAC
Səbail rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslərin keçirilməsi davam edir.
Dərslər Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahı, rayonun ən iri ali təhsil ocaqlarından olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən dərsdə rayonun müxtəlif orta məktəblərinin XI sinif şagirdləri ilə yanaşı, rayon icra hakimiyyətinin məsul əməkdaşları, pedaqoji işçilər, həmçinin universitetin müəllimləri iştirak ediblər.
Universitetin prorektoru Rafiq Baxşəliyev məktəbliləri burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi və Heydər Əliyev lektoriyası ilə tanış edib, təhsil ocağının 90 illik tarixi barədə danışıb.
Açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçib. Qeyd olunub ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü misilsiz işlər dahi rəhbərin əziz xatirəsini xalqının qəlbində əbədi yaşadacaq. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən açıq dərsdə ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu ilə tanış olan məktəblilər xüsusilə, Ulu Öndərin hakimiyyətə qayıdışından sonrakı fəaliyyətinə böyük maraq göstəriblər. Məlumat verilib ki, dahi rəhbər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində, işğal və parçalanmaq təhlükəsi ilə üzbəüz qalmış Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti ölçüyəgəlməzdir. Xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılıb və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılıb. Ulu Öndərin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında nüfuzunun durmadan artmasını təmin edib.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.