SEÇKİLƏRİN NƏTİCƏLƏRİ 24 SAAT ƏRZİNDƏ İNTERNETDƏ
Noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov “Seçkilər” İnformasiya Mərkəzinin seçkilərə hazır olması ilə bağlı mətbuat konfransı keçirəcəkdir. Ayın 6-da saat 8:00-da isə MSK sədrinin iştirakı ilə “Seçkilər” İnformasiya Mərkəzinin açılışı olacaqdır.
Səsvermə vaxtı “Seçkilər” İnformasiya Mərkəzində seçicilərin fəallığı ilə bağlı saat 11-də, 13-də, 16-da, 18-də və 20-də mətbuat konfransı keçiriləcəkdir. Səsvermənin ilkin nəticələri ilə bağlı noyabrın 6-da saat 20-dən başlayaraq noyabrın 7-də saat 19-dək hər saatdan bir seçki dairələri üzrə qaliblər elan ediləcəkdir.
Seçki dairələrindən yığılan məlumatlar, eyni zamanda MSK-nın internet səhifələrində də öz yerləşdiriləcəkdir. İnternet səhifəsində seçki dairəsinin adı, bu dairə üzrə seçicilərin sayı, hesabat saatları üzrə səsvermədə iştirak etmiş seçicilərin sayı, daha çox səs toplayan namizədin soyadı və adı, onun topladığı səs və hesabat vermiş məntəqələrin sayı göstəriləcəkdir. Digər namizədlərin topladığı səslər haqqında məlumatları isə seçki dairəsində müvafiq menyuya daxil olmaqla əldə etmək olar.
İnternet səhifəsində, eyni zamanda, lider olan namizədin partiya mənsubiyyəti və partiyalar üzrə qalib olan namizədlərin sayı haqqında məlumatlar öz əksini tapacaqdır.