Sədaqət Vəliyeva: Zəfər bayramın mübarək, qüdrətli Azərbaycan!
Bakı, 6 noyabr, AZƏRTAC
Bu günlər Azərbaycan xalqı tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabr - Zəfər bayramının ikinci ildönümünü qeyd edir. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 21-ci əsrin müharibəsini apararaq Ermənistan ordusunu biabırçı və ağır məğlubiyyətə uğratdı və özü təkbaşına BMT qətnamələrini icra etdi. İkinci Qarabağ müharibəsində qazandığımız parlaq qələbə Azərbaycan Ordusunun gücünün, qüdrətinin və humanistliyinin dünyaya nümayişi olmaqla yanaşı, qürurumuzu özümüzə qaytardı, bizi qalib xalqa çevirdi. Əlbəttə, bu qələbə Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində həyata keçirdiyi siyasətin nəticəsi idi. Prezidentimizin diplomatik sahədə zərgər dəqiqliyi ilə ölçüb-biçərək həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı və erməni yalanları ifşa olundu.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. O, bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Erməni faşistləri tərəfindən viran qoyulmuş Qarabağımız humanist və sülhsevər Azərbaycan dövləti tərəfindən cənnətə çevrilməkdədir: “Bundan sonra daha diqqətli və məsuliyyətli olmalıyıq. Prezidentimiz İlham Əliyevin uzaqgörən, müdrik siyasəti, şəhidlərimizin qanı, qazilərimizin canı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə olunmuş bu qələbəni və birliyimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bizə bu qələbəni bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ordumuza güc-qüvvət diləyirik. Uca Tanrı xalqımızı və Prezidentimiz İlham Əliyevi qorusun! Zəfər bayramın mübarək, qalib və qüdrətli Azərbaycan!”.