Səfir Vaqif Sadıqov etimadnaməsini Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təqdim edib
Brüssel, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın səfiri Vaqif Sadıqov Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə etimadnaməsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, etimadnamə təqdim edildikdən sonra Böyük Hersoq Anri yeni təyinatı münasibətilə səfir V.Sadıqovu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Hersoq Anriyə salamlarını və xoş arzularını çatdırıb. Böyük Hersoq Anri salamlarına görə Azərbaycanın dövlət başçısına təşəkkürünü bildirib, onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib, 2015-ci ildə Azərbaycana olan səfərini məmnunluqla xatırladığını qeyd edib.
Lüksemburq ilə əlaqələrin möhkəm olduğunu bildirən səfir bu əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.
İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət barədə danışan V.Sadıqov işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa işləri və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşması, ilk növbədə sülh müqaviləsinin imzalanması istiqamətində son dövrlərdə gedən proseslər barədə Böyük Hersoqu məlumatlandırıb.
Azərbaycanın yürütdüyü enerji, nəqliyyat siyasəti və Avropa İttifaqı ilə əməkdaşlığa toxunan səfir bu sahədə baş verən yeni irəliləyişlərdən bəhs edib və Azərbaycandan Avropaya təbii qaz tədarükünün mövcud infrastruktur vasitəsilə nəql edilməsi imkanları, bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen nəqlinin imkanları haqqında məlumat verib.
Böyük Hersoq Anri sonda Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, əsasən də iqtisadi və nəqliyyat sahələrində genişləndirilməsinə marağını ifadə edib və səfirə bu işlərdə nailiyyətlər arzulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel