Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi anılıb
Bakı, 24 iyul, AZƏRTAC
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 5-ci ildönümü ilə əlaqədar iyulun 24-də anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyi əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarının iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər şəhidimizin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, peşəkarlığından, döyüş əzmindən və milli-mənəvi dəyərlərimizə bağlılığından danışıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra polkovnik-leytenant R.Atakişiyevə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri ifa olunub.