Şəhid kapitana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Hicran Hüseynovun müəllifi olduğu Vətən müharibəsi şəhidi kapitan Cəfərli Həmid Kərim oğlunun həyat və döyüş yoluna həsr edilən “Şəhid kapitan Həmid Cəfərli” kitabının təqdimat mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Sonra 44 günlük Vətən müharibəsindən, şəhid kapitan Həmid Cəfərlinin həyat və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib.
Təqdimat mərasimində çıxış edənlər bu kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olacağını vurğulayıblar.
Şəhidin kursant və zabit yoldaşları çıxış edərək kapitan Həmid Cəfərli ilə bağlı xatirələrini bölüşüb, onun döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlarından danışıblar.
Məlumat verilib ki, kapitan Həmid Cəfərli Vətən müharibəsində göstərdiyi cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Şəhid Həmid Cəfərlinin anası Zemfira Cəfərli çıxış edərək oğlunun xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbir iştirakçılarına və kitabın müəllifi Hicran Hüseynova dərin minnətdarlığını bildirib. Şəhid anası Həmidin dörd övladını onun adına, qəhrəmanlığına layiq böyütməyə çalışacaqlarını vurğulayıb.
Mərasimin bədii hissəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları vətənpərvərliyi tərənnüm edən mahnılar oxuyublar.