REGİONLAR
Şəhid Nemət Həsənovun anım günündə Şəhidlər bulağı açılıb VİDEO
İmişli, 3 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində şəhid olan Nemət Həsənovun anım günündə rayonun Qaralar kəndində Şəhidlər bulağı istifadəyə verilib. Abidə üzərində Nemətlə bərabər Birinci Qarabağ müharibəsi və Aprel döyüşlərində Qaralar kəndindən şəhid olan qəhrəmanların da şəkilləri yer alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bulağın açılışında şəhidin ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid Nemətin döyüş yoldaşları, kənd ictimaiyyəti iştirak edib. Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əldə etdiyi şanlı qələbədən danışıblar. Qeyd olunub ki, 1990-cı illərdə Qarabağ döyüşləri zamanı Qaralar kəndindən 7 nəfər, Aprel döyüşləri zamanı 1 nəfər, Vətən müharibəsi zamanı isə 1 nəfər şəhid olub.
Şəhid Nemət Həsənov haqqında qürurla danışan anası Xalidə Həsənova qeyd edib ki, oğlu vətənpərvər, elinə-obasına bağlı idi. Döyüşlər başlayan gün bir an belə tərəddüd etmədən Vətənin harayına səs verib, düşmənə qan uddurub. Torpaqlarımızı azad edərək, müqəddəs amal uğrunda şəhidlik məqamına yüksəlib.
Nemətin atası Emin Həsənov isə deyib ki, oğlu döyüşlərə ruh yüksəkliyi ilə yollanıb: “Onun qısa şərəfli ömür yolu ən ali zirvə olan şəhidliklə əvəz olundu. Döyüşlərə gedəndə bildirdi ki, torpağımızı düşməndən azad etmək bizim borcumuzdur. Biz haqq savaşına yollanırıq. Nemət bizlərə qələbə sevincini bəxş edən şəhidlərimizdən oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Vətən müharibəsində Nemətlə bir çox döyüşlərdə iştirak edən Qəmbər Salayev vurğulayıb ki, qələbə məhz şəhidlərin qanı bahasına əldə edildi. Nemət döyüşlərdə verilən tapşırıqları hər zaman uğurla yerinə yetirirdi. Noyabrın 2-də Zəngilan istiqamətində növbəti tapşırıq zamanı düşmən tərəfindən atılan artilleriya atəşi zamanı Nemət şəhidlik zirvəsinə ucaldı.
Daha sonra şəhid Nemətin Qaralar kənd qəbiristanlığında olan məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki, Nemət döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.